Şəmkirdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Şəmkir rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə reallaşan tədbir Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarını əhatə edib.
Aksiyada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH kollektivi, Şəmkir Rayon Kommunal Müəssisələr Kombinatının əməkdaşları və ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Ekoloji tədbir çərçivəsində avtomobil yolunun kənarına 1000-ə yaxın Eldar şamı, iqlim şəraitinə uyğunlaşdırılmış dekorativ ağaclar və kollar, yeni növ iynəyarpaqlı ağaclar əkilib. Aksiya çərçivəsində yaşıllıqlar salınan ərazidə abadlıq və təmizləmə işləri görülüb, yaşıllıqların suvarılması təmin edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçı Rəşad Tağıyev ərazinin nəzarətdə saxlanılması, salınan yaşıllıqlara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlərin bundan sonra davam etdirilməsi ilə bağlı tapşırıqlar verib.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbir ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır və Şəmkir rayonunda yaşıllaşdırma aksiyaları il ərzində davam etdiriləcək.






