Şəmkirdə şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışlarının açılış mərasimi keçirildi
27 yanvar 2025 | 10:33
Azərbaycan Şahmat Federasiyası (AŞF) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla Şəmkir Olimpiya İdman Kompleksində şahmat üzrə 8, 10, 12, 14, 16 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatının seçmə yarışlarına start verilib.
Turnirin açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, AŞF-nin I vitse-prezidenti Faiq Həsənov və digər rəsmilər iştirak ediblər.
Yarış iştirakçılarına uğurlar arzulayan icra başçısı bildirib ki, Prezident İlham Əliyevin şahmata göstərdiyi diqqət və qayğı şahmatın bir idman növü kimi ölkəmizdə daha geniş vüsət almasına təkan verib.
Rəşad Tağıyev qeyd edib ki, Azərbaycanın bütün bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması ölkəmizdə şahmata göstərilən xüsusi diqqətin təzahürüdür: “Şahmatın yayılması artıq kütləvi xarakter alıb və ölkəmiz müxtəlif səviyyəli mötəbər turnirlərə də ev sahibliyi edir. Bizim üçün də sevindirici haldır ki, bu gün açılışını etdiyimiz Azərbaycan çempionatının seçmə yarışlarında kifayət qədər şəmkirli yeniyetmələr iştirak edir”.
AŞF-nin I vitse-prezidenti Faiq Həsənov isə çıxışnda yarış haqqında ətraflı məumat verib. Bildirib ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət olan yarışda yüksək yerlər tutanlar müvafiq yaş qrupları üzrə Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar. Ölkə çempionatının seçmə yarışlarında 20 şəhər və regiondan 230 yeniyetmənin iştirak edir.
Digər çıxış edənlər də yarış haqqında ətraflı məlumat veriblər.
Onuda qeyd edək ki, Şəmkir Olimpiya İdman Kompleksində keçirilən turnir fevralın 2-də yekunlaşacaq.