Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Rayon Ağsaqqallar Şurasının konfransı keçirildi

24 sentyabr 2026 | 17:50
 
Konfrans iştirakçıları əvvəlcə Şəmkir şəhərinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, rayon ağsaqqalları, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev ağsaqqalların cəmiyyət həyatında ənənələrin və mənəvi dəyərlərin yaşadılmasında xüsusi mövqeyə malik olduğunu bildirdi. Qeyd etdi ki, onların həyat təcrübəsi və mövcud ictimai proseslərə yanaşması müxtəlif nəsillər arasında əlaqələrin möhkəmlənməsinə, milli-mənəvi irsin qorunmasına və cəmiyyətin mənəvi bütövlüyünün təmin olunmasına mühüm töhfə verir.
Rəşad Tağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə yaşlı nəslə göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırdı. Ağsaqqalların ictimai təşəbbüslərdə fəal iştirakı və onların təcrübəsindən istifadə olunması üçün yaradılan imkanlardan söz açdı.
Şəmkir Rayon Ağsaqqallar Şurasının rayonun ictimai həyatındakı fəaliyyətinə toxunan icra başçısı Şuranın müxtəlif sosial və mənəvi məsələlərin müzakirəsində, gənclərlə aparılan maarifləndirici işlərdə rolundan danışıb, Şuranın üzvlərinə fəaliyyətlərində uğurlar arzuladı.
Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxışında ağsaqqalların cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı hörmət və həmrəyliyin möhkəmləndirilməsindəki rolundan danışdı. B.Yusifov gənclərin milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik prinsiplərinə və vətənpərvərlik ideallarına sadiq ruhda yetişdirilməsində ağsaqqalların nümunəsi və tövsiyələrinin əhəmiyyətini qeyd etdi.
Daha sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov beş illik hesabat məruzəsi ilə çıxış edərək hesabat dövründə Şura və yerli təşkilatlar tərəfindən keçirilən görüşlər, yığıncaqlar və gənclərlə aparılan maarifləndirici tədbirlər barədə məlumat verdi. Bildirdi ki, bu fəaliyyət çərçivəsində milli-mənəvi dəyərlərin, əxlaqi prinsiplərin və sağlam həyat tərzinin təbliğinə də diqqət yetirilib.
Konfranslarda təşkilati məsələlər də müzakirə olundu. Şəmkir Rayon Ağsaqqallar Şurasına sədr, İdarə Heyəti və Təftiş Komissiyasına seçki keçirildi. Açıq səsvermə yolu ilə Bilal Məmmədov yenidən Rayon Ağsaqqallar Şurasının sədri seçildi. Sonra isə sədrin təqdimatı əsasında rayonun ictimai fəal və nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırıldı.
Konfransda çıxış edən ağsaqqallar Şuranın fəaliyyətinə dair fikirlərini bölüşüb, rayonun ictimai həyatında fəal iştirakla bağlı təkliflərini səsləndirdilər. Çıxışlarda gənclərlə işin genişləndirilməsi, ailə və cəmiyyət dəyərlərinin qorunması, ağsaqqalların təcrübəsindən ictimai təşəbbüslərdə daha səmərəli istifadə olunmasının vacibliyi vurğulandı.
Keçidlər