Şəmkirdə Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
06 may 2025 | 11:28
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, habelə rayon ağsaqqalları, ziyalılar və digər ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək cəmiyyətimiz və dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilən ağsaqqalların Şəmkir rayonundakı xidmətlərindən bəhs edib.
İcra başçısı ağsaqqalların bundan sonra da rayonumuzun ictimai-mədəni həyatında yaxından iştirak edəcəklərinə əmin olduğunu bildirərək, qarşıdakı dövrdə də rayon Ağsaqqallar Şurasından gözləntilərini diqqətə çatdırıb, hesabat konfransının keçirilməsində hər kəsə uğurlar arzulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək ağsaqqalların cəmiyyət həyatında proseslərin tənzimlənməsində xüsusi rolundan danışıb. Sədr müavini gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.
Bildirib ki, hesabat dövrü ərzində təşkilatlar aktual mövzularda bir sıra yığıncaqlar, görüşlər keçiriblər, gənclərlə maarifləndirici işlər aparıblar. Həmçinin Ağsaqqallar Şurasının üzvləri xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini veriblər.
Çıxış edən digər natiqlər də rayon ağsaqqallarının fəaliyyətindən bəhs ediblər. Əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar Azərbaycan tərəqqisi naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.