Şəmkirdə rayon ağsaqqaları, icra nümayəndələri və bələdiyyə sədrləri ilə qarşıda duran məqsədlər müzakirə edildi
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun müxtəlif kənd və qəsəbələrini təmsil edən ağsaqqalların, idarə, müəssisə və təşkilat rəhbərlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti görüş keçirib, görülən işlər, qarşıya qoyulan məqsədlər, fəaliyyət planları müzakirə edilib.
Əkin sahələrinin suvarma suyu ilə təmin olunması, bu sahədə mövcud olan çətinliklər və problemlər, rayon ərazisində qanunsuz tikililərə nəzarətin gücləndirilməsi, torpaq zəbtlərinin qarşısının alınması, müfaviq ərazilərdə mütəmadi təmizlik işlərinin aparılması, məişət tullantılarına nəzarət edilməsi və ən əsası isə bütün sahələrdə şəffaflığın təmin olunması da görüşün gündəliyinə daxil edilib.
Görüşdə rayon əhalisinin, xüsusilə də ağsaqqalların müraciətləri əsasında Şəmkirdə yas mərasimlərinin sadə keçirilməsi ətrafında müzakirələr aparılıb.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək keçirilən iclasın məqsəd və əhəmiyyətindən danışıb.
İcra başçısı bildirib ki, vətəndaşlara, xüsusilə də şəhid ailələri və qazilərə göstərilən xidmətlər yüksək səviyyədə olmalıdır.
Görüş zamanı aidiyyəti təşkilatlar tərəfindən su ehtiyatlarının sakinlər arasında hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun şəffaf bölüşdürülməsi, bu sahədə yarana biləcək neqativ halların vaxtında qarşısının alınması da müzakirə olunub.
İclasın sonunda icra nümayəndələrinə kənd və qəsəbələrdə olan problemlərin, yol verilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması ilə bağlı xəbədarlıq edilərək ciddi tapşırıqlar verildi.