Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirildi

23 noyabr 2026 | 17:20
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyevin rəhbərliyi ilə keçirilən müşavirədə mövsümlə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparıldı.
RİH başçısı mövsümi hazırlığın yalnız mövcud işlərin icrası ilə məhdudlaşmadığını, mümkün çətinliklərin əvvəlcədən müəyyənləşdirilməsinin və qabaqlayıcı tədbirlərin görülməsinin mühüm əhəmiyyət daşıdığını bildirdi, rayonda fəaliyyət göstərən aidiyyəti xidmət təşkilatlarının hazırlıq vəziyyəti, görülən işlər və mövcud çatışmazlıqlar barədə maraqlandı.
İcra başçısı qeyd etdi ki, rayon təsərrüfatının qış mövsümündə dayanıqlı fəaliyyətinin təmin edilməsi, əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təchizatı məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanıb və onun icrası istiqamətində zəruri işlər həyata keçirilir.
Müzakirələr zamanı yaşayış məntəqələrində infrastrukturun nəzarətdə saxlanılması, kommunal xidmətlərin fasiləsiz fəaliyyətinin təşkili, əlverişsiz hava şəraitinin yarada biləcəyi fəsadların operativ aradan qaldırılması, eləcə də yerli idarəetmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə də xüsusi diqqət yetirildi. Həmçinin əhalinin gündəlik həyatında hər hansı narahatlığın yaranmaması üçün bütün zəruri imkanların səfərbər edilməsinin vacibliyi vurğulandı.
Müşavirədə, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il mayın 25-də aqrar sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr ətrafında geniş fikir mübadiləsi aparıldı.
Rəşad Tağıyev aqrar sahənin rayon iqtisadiyyatında mühüm yer tutduğunu qeyd edərək, hər il olduğu kimi növbəti ildə də rayonda kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılması, emal müəssisələrinin inkişafı, müasir və innovativ texnologiyaların tətbiqi, məhsulların ixrac imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin yaradılmasının əsas prioritetlər sırasında olduğunu bildirdi.
Sonda aidiyyəti qurumların rəhbərlərinə qış mövsümünə hazırlıq işlərinin müəyyən edilmiş qrafikə uyğun və keyfiyyətlə başa çatdırılması, xidmətlərin fəaliyyətində koordinasiyanın gücləndirilməsi, mövcud problemlərin operativ həlli, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, eləcə də fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun və şəffaf təşkili ilə bağlı tapşırıqlar verildi.
Keçidlər