Şəmkirdə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib
Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) və Şəmkir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) birgə təşkilatçılığı ilə qəhvəyi mərmər bağacığına qarşı vaxtında və düzgün mübarizə tədbirlərini həyata keçirmək, zərərvericinin yayılma arealını minimuma endirmək məqsədilə keçirilən tədbirdə RİH başçısı Rəşad Tağıyev yerli icra nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.
Rəşad Tağıyev bildirib ki, kənd təsərrüfatının inkişafı və fermerlərin rifahının yüksəldilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində aqrar sahəyə dövlət dəstəyi ildən-ilə gücləndirilir, fitosanitar təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə bağlarına ciddi ziyan vurur və məhsuldarlığın azalmasına səbəb olur. Bu baxımdan zərərvericiyə qarşı mübarizənin vaxtında və koordinasiyalı aparılması mühüm əhəmiyyət kəsb edir.
Şəmkir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin müdiri Rəşad Əzizov çıxış edərək bu istiqamətdə görülən işlər və qarşıdakı vəzifələrlə bağlı ətraflı məlumat verib. Bildirib ki, Şəmkir DAİM-in nümayəndələri yerli əhali və sahibkarlarla mütəmadi görüşlər keçirir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları barədə ətraflı məlumatlar verir.
Tədbirdə qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri haqqında danışılaraq bildirildi ki, fevral ayında zərərverici qışlama mərhələsindən çıxmağa hazırlaşır. Qəhvəyi mərmər bağacığı qış fəslini çardaqlarda, anbarlarda, boş tikililərdə və ağac qabıqlarının altında keçirir. Bu baxımdan həmin sığınacaqların vaxtında təmizlənməsi, həşəratların toplanaraq mexaniki üsulla məhv edilməsi ilə bağlı tədbirlərin gücləndirilməsi tövsiyə olunur.
Tədbir çərçivəsində zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rayonda əhalinin maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində aidiyyəti şəxslərə tapşırıq və tövsiyələr verilib.






