Şəmkirdə qanunsuz tikililərlə bağlı ciddi XƏBƏRDARLIQ
15 noyabr 2022 | 11:47
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev RİH əməkdaşları, Şəmkir Rayon Polis Şöbəsinin müvafiq ərazi üzrə sahə rəisləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə iclas keçirib.
İclasda 2022-ci ilədə qarşıya qoyulan məqsədlər – şəhid ailələri və qazilərin mütəmadi diqqətdə saxlanılması, onlara göstərilən qayğının daha da artırılması, torpaqların vətəndaşlar tərəfindən təyinatına uyğun istifadə olunması, torpaq zəbtlərinin qarşısının alınması, ərazilərdə aparılan qanunsuz tikililərə qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi, məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər müzakirə edilib.
Rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda icra başçısı bildirib ki, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinə qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib: "Bu vacib məsələ daimi nəzarətdə saxlanılmalı, qanunsuz tikililərə qarşı mübarizə tədbirləri daha da gücləndirilməlidir. Rayonumuzun bütün ərazilərində aşkar ediləcək qanunsuz tikililərə görə hər biriniz şəxsi məsuliyyət daşıyırsınız. Və unutmayın ki, kimliyindən aslı olmayaraq bu məsələdə qanunsuzluğa yol verənlər ciddi cəzalanacaq”.
Rəşad Tağıyev vurğulayıb ki, qanunsuz tikintilərə qarşı mübarizədə icra nümayəndələri Şəmkir RİH-in aidiyyəti şöbələri ilə birgə fəal əməkdaşlıq etməlidirlər.
Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bildirən icra başçısı vətəndaş-məmur münasibətlərinin günün tələblərinə uyğun qurulması, şəhid ailələri və qazilərin mütəmadi diqqətdə saxlanılması, onlara göstərilən qayğının daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.
Sonda qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb.