Şəmkirdə qadın müharibə veteranları ilə görüş keçirilib
26 sentyabr 2025 | 16:51
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Şəmkir rayonundan olan Qarabağ müharibəsi veteranı qadınlarla görüşüb.
İcra başçısı veteran qadınları salamlayaraq, bildirib ki, Şəmkir rayonunda şəhid ailələrinə, müharibə veteranlarına hər zaman böyük hörmət və ehtiram göstərilib. O, veteranların hər birinin vətənpərvərliyinin gələcək nəsillər üçün örnək olduğunu deyib, Vətənimizin müdafiəsində göstərdikləri şücaətlərə görə onlara təşəkkürünü bildirib.
Rəşad Tağıyev qeyd edib ki, müharibə veteranı olan qadınlar hər zaman Azərbaycan dövlətinin diqqətindədir və veteranlara hər zaman böyük hörmət göstərilir. Ulu öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşıb, onların problemləri ilə yaxından maraqlanıb. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Bu istiqamətdə silsilə addımların atılması bir daha onu göstərir ki, dövlətimiz veteranların sosial təminatına başlıca məsələ kimi yanaşır, onların rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir.
Səmimi görüşə görə təşəkkürlərini bildirən vetaran qadınlar şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara dövlət səviyyəsində göstərilən dəstəkdən danışaraq, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Xanım veteranlar keçdikləri döyüş yolu, müharibədən sonrakı fəaliyyətləri barədə söhbət açıb, bəzi arzu və istəklərini səsləndiriblər.
Görüşdə müharibə veteranlarını narahat edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələrdə qaldırılan məsələlərin hərtərəfli araşdırılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı qeyd olunub.






