Şəmkirdə prokurorluq işçilərinin peşə bayramı qeyd edilib
01 oktyabr 2022 | 13:07
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayon prokurorluğunun rəhbər heyəti, hüquq-mühafizə orqanları rəhbərləri əvvəlcə Şəmkir şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları təbrik edərək bildirib ki, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub.
İcra başçısı builki bayram tədbirinin əvvəlki dövrlərdən fərqləndiyini bildirərək, bunun səbəbinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində şanlı Qələbə qazanaraq, torpaqlarımızı düşmən işğalından azad etməsi olduğunu vurğulayıb.
Rəşad Tağıyev bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
İcra başçısı prokurorluq işçilərinə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğıkeşliyini vurğulayaraq bildirib ki, Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına şərəflə xidmət edir.