Şəmkirdə növbəti ağacəkmə aksiyası keçirildi
24 dekabr 2024 | 16:35
Şəmkir rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir.
Bu dəfə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasında iştirak edən RİH başçısı Rəşad Tağıyev bildirib ki, aksiyanın keçirilməsində məqsəd Prezident İlham Əliyevin ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, iqlim dəyişikliyi ilə mübarizə sahəsində apardığı siyasətə, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma işlərinə töhfə verməkdir.
Qeyd edək ki, ağacəkmə aksiyasında torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 1000 ədəd şam, çinar, palıd, sərv ağacları əkilib. Eyni zamanda ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.
Onu da qeyd edək ki, 2024-ci ildə Şəmkir rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir.
Cari il ərzində 20 minə yaxın müxtəlif ağac növləri əkilmişdir ki, bu da getdikcə vüsət alan ekoloji vəziyyətin yaxşılaşdırılması işlərinə öz töhfəsini vermişdir.