Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

19 aprel 2024 | 09:25
Şəmkir rayonunun Kür qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Sektorunun əməkdaşları, şəhid ailələri, qazilər, Milli Qəhrəmanın döyüş yoldaşları, qəsəbə sakinləri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsini yad ediblər.
Anım tədbirində çıxış edənlər İsgəndər Aznaurovun həyat və döyüş yolu barədə danışıblar.
Qeyd olunub ki, İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə milli zəmində baş verən məlum hadisələrdən sonra bir çox ahıska türk ailəsi kimi onların ailələri də Azərbaycana pənah gətirib və Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıblar. 1992-ci ildən Azərbaycan Ordusunda könüllü olaraq zabit kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşub, Mutludərə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərdə şəxsi şücaət nümunələri göstərib.
1993-cü ilin baharında şəhid olan İsgəndər Aznaurova Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onun adına yaşayış məntəqəsi, küçə və məktəb var. Vaxtilə döyüşdüyü səngər bu gün “İsgəndər qalası” adlanır.
Keçidlər