Şəmkirdə Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib.
24 iyul 2023 | 09:14
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 22 iyul - Milli Mətbuat Günü münasibətilə bölgədə fəaliyyət göstərən jurnalistlərlə görüş keçirib.
İcra başçısı media nümayəndələrini Milli Mətbuat Günü ilə əlaqədar təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan mətbuatının yaranması tarixindən, media ilə dövlət qurumlarının əməkdaşlığından danışılıb. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların söz və mətbuat azadlığını da əhatə etdiyi, maneələrin aradan qaldırılaraq medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldığı vurğulanıb.
İcra başçısı eyni zamanda son illər Şəmkir rayonunda görülən işlər, qarşıya qoyulan məqsədlər barədə KİV nümayəndələrinə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Rəşad Tağıyev mətbuatla səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyindən əminliyini bildirib.
Sonda jurnalistlərə RİH başçısının Fəxri Fərmanları təqdim olunub.