Şəmkirdə "Məşğulluğa Dəstək Layihəsi" üzrə maarifləndirmə görüşü keçirilib
30 iyul 2026 | 17:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində növbəti maarifləndirmə görüşü Şəmkir rayonunda təşkil olunub.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Dövlət Vergi Xidmətinin nümayəndələri, layihə əməkdaşları, eləcə də 200-dən çox benefisiar iştirak ediblər.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi, insan kapitalının inkişafı və sahibkarlığın genişləndirilməsidir. İcra başçısının sözlərinə görə, dövlət tərəfindən məşğulluq sahəsində həyata keçirilən islahatlar, özünüməşğulluq proqramları və sahibkarlığa göstərilən dəstək vətəndaşların sosial rifahının yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına və işsizliyin azaldılmasına mühüm töhfə verir.
Rəşad Tağıyev vurğulayıb ki, Şəmkir rayonunda da dövlət başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq məşğulluğun artırılması daim diqqət mərkəzində saxlanılır. Rayonda aqrar sektorun inkişafı, sənaye və xidmət sahələrində yeni investisiya layihələrinin həyata keçirilməsi, sahibkarlığın genişləndirilməsi nəticəsində yüzlərlə vətəndaşın dayanıqlı gəlir əldə etməsi üçün əlverişli imkanlar yaradılıb. Bildirilib ki, bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq ardıcıl şəkildə davam etdirilir və məşğulluğun təmin olunması rayonun sosial-iqtisadi inkişaf siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.
H.Abbasov isə çıxışında özünüməşğulluq proqramının və "Məşğulluğa Dəstək Layihəsi"nin vətəndaşların kiçik biznes qurmasında və dayanıqlı gəlir əldə etməsində mühüm vasitə olduğunu diqqətə çatdırıb. "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində icra olunan "Həvəsləndirmə mükafatları" müsabiqəsinin uğurlu fəaliyyət göstərən benefisiarların bizneslərini genişləndirmələrinə, gəlirlərini artırmalarına və yeni inkişaf imkanları əldə etmələrinə xidmət etdiyini bildirib.
Görüş iştirakçılarına layihənin məqsədi, icra mexanizmi, iştirak şərtləri və iştirakçılar üçün nəzərdə tutulan dəstək tədbirləri barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində "Həvəsləndirmə mükafatları" müsabiqəsinin daha bir qrup qalibinə özünüməşğulluq proqramı çərçivəsində yaratdıqları kiçik bizneslərini genişləndirmək məqsədilə əlavə avadanlıqlar təqdim edilib.
Benefisiarlara təqdim edilən aktivlər avtoçilingər xidmətləri, PVC qapı və pəncərələrin istehsalı avadanlıqları, kiçik fotoatelye, qadın gözəllik salonu, avtomobil şinlərinin bərpası və təmiri fəaliyyət istiqamətlərini əhatə edir.
"Həvəsləndirmə mükafatları" müsabiqəsi özünüməşğulluq proqramı çərçivəsində uğurlu fəaliyyət göstərən benefisiarları bizneslərini daha da inkişaf etdirməyə təşviq etmək, onların gəlir imkanlarını artırmaq və fəaliyyətlərinin dayanıqlığını gücləndirmək məqsədi daşıyır.
Müsabiqənin birinci mərhələsi çərçivəsində ümumilikdə 100 benefisiarın əlavə aktivlərlə təmin edilməsi nəzərdə tutulur. Aktivlərin təhvil verilməsi mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə daha 190 nəfərin əmlaklarla təmin edilməsi planlaşdırılır.






