Şəmkirdə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
12 noyabr 2025 | 18:17
“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur xanım Abdullayeva, Şəmkir Təhsil sektorunun müdiri Elşən Ələsgərov, təhsil işçiləri, məktəblilər iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər müstəqil Azərbaycanın tarixi həyatında mühüm yer tutan – 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününü xalqımızın dövlətçilik salnaməsində mühüm mərhələ, azad və demokratik cəmiyyət quruculuğunun əsas sütunlarından biri kimi qeyd ediblər.
Bildirilib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyası müstəqilliyimizin hüquqi əsaslarını möhkəmləndirdi, dövlətin ali məqsədlərini, vətəndaşların hüquq və azadlıqlarını özündə əks etdirdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu Konstitusiya Azərbaycanın gələcək inkişafının strateji yol xəritəsinə çevrildi. Məhz bu sənəd sayəsində ölkəmizdə hüquqi dövlət quruculuğu prosesi başlanmış, insan hüquqlarının qorunması, demokratik idarəetmə prinsipləri təmin edilmişdir.
Qeyd olunub ki, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması da təsadüfi deyil. Bu qərar dövlətimizin hüquqi dayaqlarını, milli suverenliyimizi və azadlığımızı bir daha dəyərləndirməyə, gələcək nəsillərə çatdırmağa xidmət edir.
Tədbirin sonunda məktəblilərin ifasında şeirlər təqdim olunub. Həmçinin, 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş videoçarxın nümayişi ilə davam etdirilib.






