Şəmkirdə kibermaarifləndirmə sahəsində təlim keçirilib
02 noyabr 2026 | 12:11
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilmişdir. Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi” təsdiq edilmişdir.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilməkdədir. Əməkdaşların rəqəmsallaşma sahəsində bilik və bacarıqlarının artırılması Yol Xəritəsində nəzərdə tutulmuş vacib istiqamətlərdən biridir. Bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyətində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təlim təşkil edilmişdir.
“İcra hakimiyyətlərində kibermaarifləndirmə və süni intellektdən təhlükəsiz istifadə” mövzusunda keçirilmiş təlimdə əvvəlcə iştirakçıların müvafiq sahə üzrə biliklərinin ilkin qiymətləndirilməsi aparılmışdır. Daha sonra təlimçi tərəfindən rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, kiber hücumların aşkar olunması və qarşısının alınması, nəticələrinin aradan qaldırılması, həmçinin süni intellekt alətlərindən təhlükəsiz istifadə barədə məlumatlar verilmişdir. İnteraktiv formada keçirilən və iştirakçılar tərəfindən böyük maraqla qarşılanan təlim nəticələrin yekun qiymətləndirilməsi ilə başa çatmışdır.






