Şəmkirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
08 iyun 2026 | 11:07
Görüşdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirdi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafına dair müşavirə keçirilmiş və müvafiq tapşırıqlar verilmişdir. Həmçinin cənab Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.
Qeyri-neft sektorunun inkişafında aqrar sahənin xüsusi rolundan bəhs edən icra başçısı bildirdi ki, uzun illərdir dövlət tərəfindən sektorun inkişafı istiqamətində genişmiqyaslı dəstək və güzəşt mexanizmləri tətbiq olunmaqdadır. Bu tədbirlər nəticəsində ölkədə kənd təsərrüfatının inkişafı sahəsində ciddi irəliləyiş əldə edilmiş, bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsi artmış, həmçinin ixrac potensialının genişləndirilməsi təmin edilmişdir.
RİH başçısı qeyd etdi ki, aparılan islahatlar Şəmkir rayonunda da öz real nəticələrini vermiş və 2023-2025-ci illərin statistik göstəricilərinə əsasən məhsul istehsalının həcminə görə Şəmkir respublikanın ən böyük aqrar rayonu olmuşdur. 2025-ci ildə respublikada istehsal edilmiş kənd təsərrüfatı məhsullarının 6,64 faizi Şəmkir rayonunun payına düşmüşdür.
Cənab Prezindentin Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının aqrar sektorun inkişafında yeni mərhələnin başlanğıcı olduğunu vurğulayan RİH başçısı bildirdi ki, Proqramda mövcud vəziyyətin təhlili ilə yanaşı yeni inkişaf prioritetləri və hədəflər müəyyənləşdirilimişdir. Əsas məqsədin aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişafın təmin olunması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və daxili istehsalın artırılması, məhsuldarlığın və ixracyönümlü məhsul istehsalının artırılması, həmçinin rəqəmsallaşma və insan kapitalının inkişaf etdirilməsi olduğunu qeyd edən RİH başçısı bildirdi ki, Proqramın qəbul edilməsi sahibkarlar və fermerlər üçün təsərrüfatların modernləşdirilməsi, müasir suvarma texnologiyalarının tətbiq olunması, bununla da məhsuldarlığın və ixrac imkanlarının artırılması baxımından yeni fürsətlər yaradır.
Mövzu ətrafında çıxış edən sahibkarlar qəbul edilmiş Dövlət Proqramının əhəmiyyətindən bəhs edərək yeni suvarma kanallarının çəkilməsi, fermerlərin maarifləndirilməsi, həmçinin aqrar sektorda kadr potensialının gücləndirilməsi istiqamətində təkliflər səsləndirmişlər.
RİH başçısı Rəşad Tağıyev sulardan səmərəli istifadə olunması, yeni suvarma kanallarının çəkilməsi, həmçinin Şəmkir Peşə Liseyinin bazasında aqrar yönümlü peşə hazırlığı mərkəzinin yaradılması istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən konkret təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyini bildirmişdir.






