Şəmkirdə kartof sahələrindən yüksək məhsuldarlıq əldə olunur
04 sentyabr 2026 | 11:17
Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər Dövlət Proqramı”nda aqrar sektorun dayanıqlı və intensiv inkişafı strateji hədəf kimi müəyyənləşdirilmişdir.
Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Şəmkir rayonunda məqsədyönlü tədbirlər davam etdirilir. Bu istiqamətdə dövlət tərəfindən fermerlər üçün yaradılan imkanlardan səmərəli istifadə, müasir texnologiyaların və innovativ aqrotexniki üsulların tətbiqi, məhsuldarlığın artırılması əsas prioritetlər sırasındadır.
Bu məqsədlə mütəmadi olaraq təsərrüfatlara yerində baxışlar keçirilir, fermerlərlə görüşlər təşkil olunur.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə dağ kəndlərimizdə olan təsərrüfatlara baxış keçirib. Fermerlərlə görüş zamanı təsərrüfatların fəaliyyəti, istehsal prosesinin təşkili, mövcud imkanlar və qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparılıb. Fermerlərin mövcud vəziyyətlə bağlı fikirləri, təklif və müraciətləri dinlənilib, təsərrüfatların fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Rəşad Tağıyev fermerlərlə söhbətində 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında müəyyən edilmiş hədəflərin icrasının əhəmiyyətini vurğulayıb. İcra başçısı kənd təsərrüfatının inkişafında dövlət proqramlarının mühüm əhəmiyyət daşıdığını, bu sənədlərdən irəli gələn vəzifələrin ardıcıl icrasının fermerlərin fəaliyyətinə və aqrar istehsalın artırılmasına mühüm töhfə verəcəyini qeyd edib.
Məlumat üçün bildiririk ki, 2026-cı ildə Şəmkirdə 6 323 hektar sahədə kartof əkini aparılıb. Bu günədək təxminən 4 500 hektar sahədə məhsul yığımı həyata keçirilib, 150 min tona yaxın kartof tədarük olunub.
Əldə olunmuş yüksək göstəricilər rayonda aqrar sektora göstərilən diqqətin, fermer təsərrüfatlarının genişləndirilməsinin və müasir yanaşmaların tətbiqinin müsbət nəticəsidir.






