Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə isti briketlənmiş dəmir zavodu layihəsi üzrə maarifləndirici tədbir keçirilib

25 may 2026 | 12:55
“Azerbaijan Metal Company” MMC (“AzMC”) tərəfindən Şəmkir rayonunda icrası planlaşdırılan İsti Briketlənmiş Dəmir (İBD) zavodu layihəsi üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) prosesi çərçivəsində maarifləndirici görüş təşkil olunub.
Tədbirdə Şəmkir Ryaon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, “Azerbaijan Metal Company” MMC-nin nümayəndələri, bələdiyyələr, yerli ictimaiyyət və QHT nümayəndələri, sahə üzrə mütəxəssislər, media qurumları və digər maraqlı tərəflər iştirak ediblər.
Tədbirin əsas məqsədi maraqlı tərəflərin və ictimaiyyət nümayəndələrinin layihənin tikinti və gələcək istismar mərhələləri, eləcə də Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi prosesi çərçivəsində həyata keçirilmiş ekoloji və sosial tədqiqatlar barədə məlumatlandırılması, layihənin ekoloji və sosial istiqamətlər üzrə obyektiv qiymətləndirilməsinin təmin edilməsinin təşviqi olub.
Qeyd edək ki, prezident cənab İlham Əliyevin 15 yanvar 2026-cı il tarixli Fərmanına əsasən ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılması məqsədilə Şəmkir rayonunda və Gəncə şəhərində Qərb Sənaye Parkı yaradılır.
2029-cu ildə istismara verilməsi planlaşdırılan İsti Briketlənmiş Dəmir zavodu layihəsinin ölkənin metallurgiya sənayesinin potensialının genişlənməsinə, məşğulluğun artırılmasına və regional iqtisadi fəallığın gücləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
İstehsal prosesində müasir texnologiyalar, ekoloji baxımdan təhlükəsiz və dayanıqlı üsullar tətbiq olunacaq layihə çərçivəsində Şəmkirdə illik 2 milyon ton istehsal gücünə malik İsti Briketlənmiş Dəmir (İBD) zavodu tikiləcək.
İnvestisiya dəyəri təxminən 700 milyon dollar olan zavodun istismara verilməsindən sonra rayonda yüzlərlə yeni iş yeri açılacağı bildirilir. Zavod istismara verildikdən sonra ölkənin Ümumi Daxili Məhsulunda (ÜDM) ilkin verəcəyi töhfənin 694 milyon dollar olacağı gözlənilir.
Keçidlər