Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunanların medaları təqdim olundu

29 mart 2024 | 09:52
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib.
Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şəmkir rayon komitəsinin sədri Hilal Məmmədov da siyahıda yer alıblar.
Bununla əlaqədar Şəmkir RİH-də medalların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən Rəşad Tağıyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyimizin qorunması, ölkəmizin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən söhbət açıb, təltif olunanları təbrik edib.
İcra başçısı bildirib ki, güclü və qüdrətli Azərbaycanın nailiyyətləri məhz müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir.
Daha sonra icra başçısı tərəfindən təltif olunanlara medalları təqdim edilib.
Çıxış edənlər, Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Prezident İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini bildirib, bundan sonrakı fəaliyyətində də, Ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalaraq dövlətimizin və xalqımızın gələcəyi naminə Müzəffər Ali Baş Komandanın etimadını doğrultmağa çalışacaqlarını vurğulayıblar.
Tədbirin sonunda Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilən RİH başçısının Zəyəm Cırdaxan kənd icra nümayəndəsinin müvini Rahilə Həsənovaya da medalı təqdim olunub.
Keçidlər