Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

26 iyun 2023 | 12:28
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N saylı hərbi hissədə 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, veteran döyüşçülər, hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Əvvəlcə Ümummili lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi ziyarət olunub, Ulu öndərin xatirəsini ehtiramla yad edilib.
N saylı hərbi hissədə keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı: “Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir”.
İcra başçısı qeyd edib ki, Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı: “Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Nəticədə isə 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu”.
Tədbirdə çıxış edənlər, xüsusilə də veteran hərbiçilər Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı qüvvələrinin bugünki gücündən, qüdrətindən danışıb, ordumuzla qürur duyduqlarını bildiriblər.
Tədbirdə Şəmkir Regional Mədəniyyət İdarəsinin bədii kollektivi tərəfindən hərbçilər üçün musiqilər səsləndirilib, bayram günü qeyd olunub.
Sonda Silahlı qüvvələr gününə həsr olunmuş bayram tədbirində fəal iştirak edənlər RİH başçısının və N saylı hərbi hissənin Fəxri Fərman və Təşəkkürnamələri ilə təltif ediliblər.
Eyni zamanda N saylı hərbi hissənin kollektivi Şəmkir RİH başçısı Rəşad Tağıyevə göstərilən mənəvi dəstəyə və əməkdaşlığa görə Fəxri Fərman təqdim ediblər.
Keçidlər