Şəmkirdə gənclər üçün tədbir keçirildi
Şəmkirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir təşkil olunub.
Tədbirin rəsmi hissəsində Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyev belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.
İcra başçısı qeyd edib ki, bir xalqın, millətin təşəkkül tapmasında onun gənclərinin necə tərbiyə aldığı, necə vətənpərvər olduğu, milli-mənəvi dəyərlərə necə bağlı olduğu çox böyük önəm kəsb edir. Müasir dövr Azərbaycan gəncliyinin ən böyük qəhrəmanlıq salnaməsi şübhəsiz ki, İkinci Qarabağ müharibəsində göstərdikləri rəşadətli mübarizə ilə bağlıdır: “Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş bu müqəddəs mübarizədə Ali Baş Komandanın ətrafında səfərbər oldu və Şanlı Zəfər qazandı".
İcra başçısı bildirib ki, bu gün dövlətimizin hərtərəfli diqqət və qayğısını hiss edən Azərbaycan gəncliyi ona göstərilən etimadı əməli işi və uğurları ilə doğrultmağa çalışır. Belə yüksək münasibətə cavab olaraq ölkəmizin gələcəyinin təminatçısı olan gənclik Azərbaycan naminə bütün güc və bacarıqlarını səfərbər edir. Onlar Prezident İlham Əliyevin uğurlara hesablanmış bütün daxili və xarici siyasətini dəstəkləyirlər.
Tədbirdə çıxış edən SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi və “İnsan Hüquqları Aylığı” ilə əlaqədar geniş məlumat təqdim edib.
Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət barədə də geniş məlumat çatdırıb.
Daha sonra SHXÇDX-nın Şəmkir rayon şöbəsinin rəisi polkovnik-leytenant Mehman Rəhimov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratları ilə bölüşüblər.