Şəmkirdə fermerlər bağlardan yüksək məhsuldarlıq əldə edir
28 iyul 2022 | 10:32
Şəmkir rayonu Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Kənd təsərrüfat sahələrinin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdən biridir.
Son illərdə Şəmkir rayonunda kənd təsərrüfatının əksər sahələri kimi meyvəçilik sahəsində də inkişaf nəzərə çarpır.
Rayonda yeni salınmış min hektardan çox bağları da daxil etməklə 4500 hektar meyvə və giləmeyvə bağları mövcuddur.
Şəmkir rayonu ərazisində mövcud olan sahənin 3212.6 hektar meyvə verən yaşda olan bağlardır.
Cari ildə həmin sahələrdən 80 min ton məhsul istehsal olunmuşdur.
Rayon ərazisində əsasən xurma, alma, armud, gilas, şaftalı, heyva və digər meyvə bağları mövcuddur.
Eyni zamanda rayonda 560 hektar üzüm bağları var. Ötən il bu bağlardan 33286.3 ton məhsul əldə olunub. Cari ildə də sahələrdən yüksək məhsuldarlıq gözlənilir.
Rayonda həm təsərrüfatların genişləndirilməsi, həm də növlərin artırılması üçün sahibkarlara hər cür dəstək göstərilir.
Bu məqsədlə Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mütəmadi olaraq yerli sahibkarlarla görüşlər keçirir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olur, eyni zamanda onların arzu və istəklərini dinləyir.