Şəmkirdə ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
22 noyabr 2023 | 17:05
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə, idarə və qurumların rəsmiləri iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini və Şəhidlər Memorial Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edən Rəşad Tağıyev bildirib ki, Ulu öndər Heydər Əliyev ədliyyə-hüquq sisteminin fəaliyyətinə çox böyük önəm verib, bu sahədə onun təşəbbüsü ilə dərin islahatlar aparılıb.
İcra başçısı qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Ulu Öndərin diqqət və qayğısı sayəsində Azərbaycanın ədliyyə sistemi yeni və müasir inkişaf mərhələsinə qədəm qoydu: “Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində bu sahədə yeni uğuralr əldə olunur, infrastruktur müasirləşdirilir. Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan yeni vəzifələrin - qanunun aliliyinin, ədalətin, ədliyyə və məhkəmədə şəffaflığın təmin olunması ilə bağlı tapşırıqların əsas məqsədi vətəndaş məmnunluğunu təmin edilməsidir”.
Rəşad Tağıyev qeyd edib ki, bu gün prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Ulu Öndər Heydər Əliyevin humanizm siyasətinin uğurla həyata keçirilərək əfv və amnistiya aktları geniş tətbiq edilir.