Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə cənab Prezidentin sərəncamına uyğun kəndlərarası avtomobil yolunun tikintisi davam edir

14 may 2026 | 12:00

Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin mühüm prioritetləri sırasındadır. Respublika ərazisində yeni yolların çəkilişi, mövcud infrastrukturun bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər ardıcıl şəkildə həyata keçirilir.
Bu istiqamətdə respublika əhəmiyyətli yollarla yanaşı, kəndlərarası yolların inşası sahəsində də mühüm layihələrin reallaşdırılması davam etdirilir.
Belə layihələrdən biri də Cənab Prezident İlham Əliyev tərəfindən 23 iyul 2025-ci il tarixində imzalanan Sərəncama əsasən Şəmkir rayonunun Dəllər Cəyir–Dəllər Daşbulaq və Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yolunun inşası ilə bağlıdır.
Məlumat üçün bildirik ki, 20 mindən artıq əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən yolun Qədimqala–Miskinli–Keçili–Xuluf hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti norma və qaydalarına uyğun olaraq hazırda asfaltlanma işlərinə başlanılıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev görülən işlərlə yerində tanış olub, prosesin gedişatı ilə maraqlanıb. İş icraçıları icra başçısına bildiriblər ki, layihə çərçivəsində yolda torpaq və kipləşdirmə işləri yerinə yetirilib, yol yatağı hazır olan hissələrdə yol əsasının inşası aparılıb. Yol əsası hazır olan hissələrdə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Yerli sakinlərin istək və təkliflərini də dinləyən icra başçısı bildirib ki, Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yolunun inşası vətəndaşların gediş-gəlişini xeyli rahatlaşdıracaq, yük və sərnişin daşınmasını asanlaşdıracaq, yolboyu vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir göstərən kənd təsərrüfatının inkişafına töhfə verəcək.
Ərazidə yaşayan sakinlər də öz növbəsində yeni salınan yola görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sakinlərlə söhbətində Rəşad Tağıyev qeyd edib ki, rayonda aparılan abadlıq-quruculuq işləri, xüsusilə də yolların təmiri gələcəkdə də davam etdiriləcək.
Onu da qeyd edək ki, layihənin icrasının iyun–iyul aylarında yekunlaşdırılması planlaşdırılır.

Keçidlər