Şəmkirdə Azərbaycan Yorğa atları üzrə Region Kuboku keçirilib
08 aprel 2025 | 11:33
Atçılıq Azərbaycanda xalqın tarixi ənənələri, mədəniyyəti, etnoqrafiyası, sosial-iqtisadi durumu ilə sıx bağlı olan sahədir. Ta qədimdən müxtəlif ölkələrdə atların iştirakı ilə oyunlar olub.
Məqsəd iştirakçılar arasından ən güclü, cəld olanı və ən əsası atla ideal anlaşanı tapıb irəli çəkmək idi. Azərbaycanda da Qafqaz xalqlarının mədəniyyətlərində olduğu kimi, atçılıq oyunları haqlı olaraq şərəfli yerlərdən birini tutur. Ölkəmizdə yaranan və hazırda da inkişaf edən bir neçə unikal atçılıq oyunları var. Bu oyunlarla bağlı hər il müxtəlif müsabiqə və yarışlar keçirilir.
Bu dəfə isə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə milli atçılığın inkişafı məqsədilə Şəmkir rayonu Qılıncbəyli kəndi ərazisində Azərbaycan Yorğa atları üzrə Region Kuboku yarışı keçirilib.
Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallının və Atçılıq Federasiyasının nümayəndələrinin də iştirak etdiyi yarışda Şəmkir rayonu ilə yanaşı Bakı, Gəncə, Bərdə, Tovuz, Ağdam, Laçın, Balakən, İmişli, İsmayıllı, Qazax, Xocalı, Ucar, Goranboy, Ağstafa, Sabirabad və ölkənin digər bölgələrindən qatılan 50-yə yaxın at və çaparları, 8 məsafə və yaş qrupu üzrə ən güclüləri müəyyən etmək üçün yarışıblar.
Sonda qaliblər mükafatlandırılıb, xatirə fotoları çəkilib.