Şəmkirdə Aqrar Sığorta Fondunun regional filialının açılışı olun
18 dekabr 2023 | 10:07
Şəmkir şəhərində Aqrar Sığorta Fondunun regional filialının açılışı olub.
Açılış mərasimində Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Rüfət Sahibsoy, Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov, fermerlər və digər qonaqlar iştirak ediblər.
Filialın açılmasının Şəmkir rayonu üçün əlamətdar hadisə olduğunu vurğulayan R.Sahibsoy bildirib ki, rayonumuz ölkənin aqrar sektorunda böyük paya malikdir. Bu baxımdan regional filialın məhz Şəmkir şəhərində açılması heç də təsadüfü deyil.
O qeyd edib ki, dövlətimiz tərəfindən sahibkarlığın, o cümlədən kənd təsərrüfatının dəstəklənməsi istiqamətində bir çox proqramlar icra olunur, dəstək mexanizmləri tətbiq olunur. Aqrar sığorta sisteminin formalaşdırılması da fermerlərin müxtəlif risklərdən qorunması ilə yanaşı, həm də onlara növbəti dövlət dəstəyi mexanizminin yaradılmasıdır. Sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənildiyini nəzərə alaraq bu alətin tətbiqinin fermerlərin xərclərinin optimallaşdırılmasına, eyni zamanda təsərrüfatların genişləndirilməsinə səbəb olacağı, nəticədə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə veriləcəyi gözlənilir.
ASF-nin İdarə Heyətinin üzvü R.Əmircanov aqrar sığorta məhsulları haqqında geniş məlumat verərək bildirib ki, bu sığorta növü üzrə əkinçilik, maldarlıq, o cümlədən balıqçılıq təsərrüfatlarının müxtəlif risklərdən sığortalanması mümkündür. O bildirdi ki, Fond tərəfindən artıq aqrar sığorta növü üzrə dəymiş zərərlərin ödənilməsinə başlanıb və gələcəkdə ödəniş prosedurlarının optimallaşdırılması istiqamətində işlər aparılır.