"Şəmkirdə aqrar sektorun inkişafı ilə bağlı tədbirlər davam etdirilir"
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qəbul olunmuş mühüm dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın diversifikasiyasına, sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına nail olunmuşdur.
Əldə olunmuş sosial-iqtisadi inkişaf səviyyəsini qorumaq və daha da möhkəmləndirmək məqsədilə müasir texnologiyalarla təchiz olunmuş yeni sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sənaye məhsulunun dinamik artımı təmin edilmişdir.
Şəmkirdə fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişafı ilə bağlı tədbirlər davam etdirilir.
Bu məqsədlə rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mütəmadi olaraq sahibkarlar, fermerlərlə görüşlər keçirir, onların gördüyü işlər və qarşılaşdıqları problemlərlə yerində maraqlanır.
Bu dəfə icra başçısı “AzAqro” MMC-nin təsərrüfatında yaradılmış şərait və fəaliyyət istiqamətləri ilə tanış olub.
İcra başçısına məlumat verərək bildirilib ki, “AzAgro” MMC sənaye tipli istixana kompleksi Azərbaycanda gülçülük sektorunda fəaliyyət göstərən və ən müasir texnologiyaları özündə birləşdirən istehsal müəssisəsi sayılır. MMC-yə məxsus sahəsi 2.5 hektar olan istilikxana kompleksində il ərzində 2 milyon ədəd gül yetişdirilir.
“AzAqro” MMC Şəmkirdə yetişdirilən holland qızılgüllərinin yeni “S-buket” brendi ilə paytaxt üzrə gül dükanlarına çatdırılmasını həyata keçirir. “Ən təravətli qızılgüllər, hər gün”-sloqanı ilə yüksək səviyyəli xidmət təklif edən şirkət öz müştərilərinə 3-ü qırmızı rəng çalarlarında, 1-i ağ rəngdə, 1-i isə ağ-çəhrayı rəng qarışığında olan, ümumilikdə 14 növ qızılgül təqdim edir.
İcra başçısına məlumat verilib ki, İstilikxanalarda becərilmə prosesi mərkəzləşmiş kompüter sistemi vasitəsilə ən son texnologiyalara əsaslanır. İstixana kompleksi bütün standartlara cavab verir və tam istehsal dövrünə uyğun qabaqcıl qurğularla təchiz olunub.
Qızılgüllər torpaqsız şəraitdə, xüsusi mineral substratda yetişdirilir. Suvarma, isitmə, ventilyasiya, iqlimə nəzarət, örtükləmə, soyutma və digər proseslər tamamilə avtomatlaşdırılmış formada və kompüter nəzarəti ilə həyata keçirilir.