Şəmkirdə Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
26 sentyabr 2024 | 17:29
Şəmkir rayonunda 27 Sentyabr - Anım Gününü münasibətilə silsilə tədbirlər keçirilir.
Şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirilən ağacəkmə aksiyası da Anım Gününə həsr olunub.
Aksiyada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH-in əməkdaşları, struktur bölmələrin işçiləri, könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində Şəmkir Şəhidlər Xiyabanına torpaq-iqlim şəraitinə uyğun 100 ədəd şam ağacı əkilib, həmçinin ağaclara gələcəkdə qulluq göstərilməsi üçün cavabdeh şəxslər müəyyənləşdirilib.
Tədbirdə çıxış edən Rəşad Tağıyev bildirdi ki, Anım Günü Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq qeyd edilir.
İcra başçısı vurğulayıb ki, Anım Gününə həsr olunmuş ağacəkmə aksiyasının məqsədi şəhidlərimizin əziz xatirəsini yad etmək, həmçinin ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, təbiətə töhfə verməkdir.