Şəmkirdə akademik Zərifə xanım Əliyevanın 99 illik yubileyi münasibətilə elmi-praktiki konfrans keçirilib
Şəmkir rayonunda Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi konfransda əvvəlcə akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu öndər Heydər Əliyevin Zərifə xanım Əliyeva haqqında xatirələrindən bəhs edən "Heydər Əliyev - Əsl Məhəbbət Haqqında" filmi təqdim olunub.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bidlirib ki, Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir:
Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir. Alim kimi Zərifə xanım Əliyeva çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir”.
Digər çıxış edənlər də akademik Zərifə xanım Əliyevanın Azərbaycanın tibb elminin inkişafında misilsiz xidmətləri olduğunu diqqətə çatdırıblar.
Qeyd olunub ki, Zərifə xanım Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim obrazı canlanır.
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbir çərçivəsində Şəmkir rayonunun ucqar dağ kəndlərində Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimləri tərfindən pulsuz göz müayinəsi aksiyası keçirilib.