Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirildi

28 aprel 2026 | 11:38
Şəmkir rayonunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin rəhbər heyəti və kollektivi, ictimaiyyət nümayəndələri iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən danışdı. Bildirdi ki, Zərifə xanım Əliyeva öz zəngin elmi fəaliyyəti ilə nəinki oftalmologiya sahəsində inqilabi yeniliklər etmiş, həm də nümunəvi Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı və fədakar ana obrazını ucaltmışdır.
İcra başçısı vurğuladı ki, Zərifə xanım Əliyevanın həyatı elmi nailiyyətlər, ailə dəyərləri və xalqına göstərdiyi xidmətlərlə dolu bir ömrün parlaq səhifəsidir. Onun tibbi və elmi fəaliyyəti, hər kəs üçün örnək olan mənəvi keyfiyyətləri bu gün də ehtiramla xatırlanır.
Zərifə xanımın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc həkim-oftalmoloqların böyük bir nəslinin yetişdiyini bildirən Rəşad Tağıyev qeyd etdi ki, Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digər natiqlər də çıxışlarında Zərifə xanım Əliyevanın bütövlükdə tibb elminin inkişafına verdiyi töhfələrin bundan sonrakı dövrlərdə də öz əhəmiyyətli nəticələrini verməkdə davam etməkdə olacağını bildirdilər.
Tədbirdə Zərifə xanım Əliyevanın ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi, Əhməd Cavad adına Şəmkir rayon Mədəniyyət Mərkəzinin bədii kollektivi tərəfindən ədəbi-bədii kompozisiya və milli musiqilər təqdim edildi.
Sonda tibb işçilərinə RİH başçısının və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının Fəxri Fərmanları təqdim edildi, iştirakçılar Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın zəngin irsini tərənnüm edən sərgi ilə tanış oldular.
Keçidlər