Şəmkirdə akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ilinə həsr olunmuş tədbir keçirildi
28 aprel 2025 | 17:14
Şəmkir rayonunda Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirildi.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının akt zalında keçirilən tədbirdə çıxış edənlər görkəmli oftalmoloq - alim akademik Zərifə Əliyevanın keçdiyi ömür yolundan danışıb, Zərifə Əliyevanın Azərbaycan elmində, ictimai-siyasi həyatında müstəsna yerə sahib olduğunu qeyd etdilər.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı çıxışdında bildirdi ki, Zərifə xanım Əliyeva XX əsr Azərbaycan tibb elminə öz əvəzsiz töhfələrini verən şəxsiyyətlərdən biridir. Onun həyatı elmi nailiyyətlər, ailə dəyərləri və xalqına göstərdiyi xidmətlərlə dolu bir ömrün parlaq səhifəsidir. Onun tibbi və elmi fəaliyyəti, hər kəs üçün örnək olan mənəvi keyfiyyətləri bu gün də ehtiramla xatırlanır.
Qeyd olundu ki, Zərifə xanımın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdi. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digər natiqlər də çıxışlarında Zərifə Əliyevanın bütövlükdə tibb elminin inkişafına verdiyi töhfələrin bundan sonrakı dövrlərdə də öz əhəmiyyətli nəticələrini verməkdə davam etməkdə olacağını bildirdilər.
Tədbirdə Zərifə Əliyevanın ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi.