Şəmkirdə “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş yunan-roma güləşi üzrə turnir keçirilib
03 noyabr 2022 | 16:42
Şəmkir Olimpiya İdman Kompleksində “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş yunan-roma güləşi üzrə yeniyetmələr və gənclər arasında Açıq rayon birinciliyi keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda qalib adı uğrunda Şəmkirlə yanaşı digər şəhər və rayonlardan 180 nəfər idmançı mübarizə aparıb.
Yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılış mərasimində iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək Şəhidlik zirvəsinin müqəddəsliyindən söz açıb.
İcra başçısı Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib: «Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında düşmən təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatı tarixə qəhrəmanlıq səlnaməsi kimi düşdü, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir”.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov çıxışında bildirib ki, bu cür yarışların keçirilməsində əsas məqsəd “8 Noyabr - Zəfər Günü”nün qeyd olunması, rayonda güləş idman növünün inkişaf etdirilməsi və yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirilməsidir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılar Şəmkir Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq kubok, diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, yarışda komanda hesabında birinci yeri Şəmkir UGİM, ikinci yeri Göyçay idmançıları tutub. Üçüncü yerin qalibi isə müvafiq olaraq Kürdəmir və Şuşa idmançıları olub.