Şəmkirdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edildi.
07 noyabr 2026 | 19:10
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə keçirilən bayram tədbirdə RİH başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında tədbir iştirakçılarını salamlayaraq, Zəfər Günü münasibətilə rayon sakinlərini və qonaqları təbrik etdi, bu möhtəşəm tarixi Qələbənin xalqımız üçün daşıdığı mənəvi və siyasi əhəmiyyətdən danışdı.
İcra başçısı bildirdi ki, 8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsidir.
Rəşad Tağıyev vurğuladı ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət, güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordu quruculuğu, hərbi sənaye kompleksinin inkişafı və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi tarixi Qələbənin əldə olunması üçün möhkəm zəmin yaratdı.
İcra başçısı qetd etdi ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsi xalqımızın 30 ilə yaxın gözlədiyi tarixi ədalətin bərpası ilə nəticələnib. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad edib. Bu Zəfər yalnız hərbi üstünlüyün deyil, eyni zamanda, xalqımızın sarsılmaz birliyinin, milli həmrəyliyinin və Vətən sevgisinin təntənəsi olub. Şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına qazanılan bu Qələbə hər bir azərbaycanlının qürur mənbəyinə çevrildi.
Rəşad Tağıyev 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğunu, üçrəngli Dövlət Bayrağımızın Xankəndidə dalğalandırılmasının tarixi Zəfərin məntiqi tamamlanması olduğunu diqqətə çatdırdı.
Çıxışda bildirildi ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bütün bunlar Azərbaycanın hərbi Qələbəsini quruculuq və inkişaf uğurları ilə möhkəmləndirdiyini göstərir.
İcra başçısı, həmçinin şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının Prezident İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğuladı. Şəhidlərimizin xatirəsinin daim uca tutulmasının, onların ailələrinin və müharibə iştirakçılarının diqqət və qayğı ilə əhatə olunmasının hər birimizin mənəvi borcu olduğunu bildirdi.
Sonda Rəşad Tağıyev hər kəsi Zəfər Gününün qazandırdığı qürur və birlik ruhunu qorumağa, müstəqil Azərbaycanın inkişafı naminə Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək birgə çalışmağa çağırdı.
Konsert proqramında tanınmış incəsənət ustalarının və gənc müğənnilərin ifasında müstəqil, suveren Azərbaycanın tarixi Zəfərinə, Vətən sevgisinə və qəhrəmanlıq salnaməsinə həsr olunmuş vətənpərvərlik ruhlu mahnılar səsləndirilib.
Tədbirin sonunda təşkil olunan atəşfəşanlıq Şəmkir səmasını al-əlvan rənglərə boyadı və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.






