Şəmkirdə 8 Noyabr – Zəfər Günü münasibətilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı tədbir keçirildi
04 noyabr 2025 | 17:20
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, RİH əməkdaşları, şəhid ailələri və qazilərin iştirak etdiyi tədbirin rəsmi hissəsində Dövlət Himnimiz səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək bildirdi ki, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. 2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başladı.
Azərbaycan xalqının 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözlədiyini deyən icra başçısı qeyd etdi ki, məhz noyabr ayının 8-i Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan cəmi 44 günə Ermənistan üzərində şanlı qələbə qazandığını dünyaya bəyan etdi.
8 Noyabr - Zəfər Günü münasibətilə şəhid ailələri və qazilərimizi, bütün xalqımızı səmimi qəlbdən təbrik edən icra başçısı Vətən müharibəsində əsas vəzifəni yerinə yetirən gənc nəsil arasında Şəmkir gənclərinin olmasının qürverici bir hiss olduğunu vurğuladı.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bildirdi ki, bu Zəfər Azərbaycan xalqının gücünü, dövlətimizin qüdrətini bütün dünyaya göstərdi. Dövlət başçımızın diqqət və qayğısı sayəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin bu bölgənin sosial-iqtisadi dirçəlişini təmin etdiyini bildirdi.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov isə çıxışında bildirdi ki, 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Tədbirdə çıxış edən şəhid ailələri və qazilərimiz də göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini çatdırıblar. Çıxışlarda bildirilib ki, Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər şəhidlərimizin ruhuna sonsuz ehtiram hissindən, şəhid ailələrinə böyük qayğıdan irəli gəlir.
Tədbirin sonunda qonaqlara Şəmkir şəhər Məhəmməd Füzuli adına məktəb-liseyin şagirdlərinin və şəhid övladlarının hazırladıqları bədii kompozisiyalar təqdim olunub.






