Şəmkirdə 31 mart soyqırımı qurbanlarının xatirəsi anıldı
31 mart 2024 | 15:58
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, apratın əməkdaşları, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun fəal gəncləri Şəmkir şəhərində yerləşən Soyqırım Abidəsini ziyarət etdi, önünə tər çiçəklər düzdülər.
Rəşad Tağıyev bildirdi ki, Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
İcra başçısı vurğuladı ki, həmin günlərdə on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.
Rəşad Tağıyev qeyd etdi ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi-hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildi: “Həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Dövlət başçımız 2013-cü ildə memorial kompleksinin açılışı zamanı bildirdi ki, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər və Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.