Şəmkirdə 31 Mart soyqırımı qurbanlarının xatirəsi anıldı
31 mart 2026 | 12:18
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, apratın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Şəmkir şəhərində yerləşən Soyqırım Abidəsini ziyarət etdi, önünə tər çiçəklər düzdülər.
Rəşad Tağıyev bildirdi ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər: ”Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin vaxt Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirlimişdir”.
İcra başçısı vurğuladı ki, 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
Rəşad Tağıyev qeyd etdi ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi-hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildi: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması və 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı da erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında mühüm əhəmiyyətə malik oldu”.






