Şəmkirdə 3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirildi
03 dekabr 2025 | 15:01
Şəmkir Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Sektorunun və Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvələcə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışan müəllim və mütəxəssislərə, eləcə də bu prosesdə fəal iştirak edən, onları ətrafında birləşdirən şəxslərə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, sevgi, diqqət və dəstək istənilən çətinliyi aşa bilər və onların da bu gün daha çox ehtiyacı olan budur.
Çıxış edənlər bildirib ki, ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir.
Daha sonra tədbir bədii hissə ilə davam edərək uşaqlara hədiyyələr təqdim edilib, tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, tədbirin əsas məqsədi fərqli xüsusiyyət və imkanlara malik insanların cəmiyyətin tamhüquqlu üzvü olduğunu nümayiş etdirmək, stereotiplərin qırılmasına və inklüziv mədəniyyətin dəyərlərinin gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.






