Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 27 Sentyabr – Anım Günü tədbiri keçirilib

27 sentyabr 2023 | 15:40
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr - Anım Günü tədbiri keçirilib.
Tədbirdə Şəmkir RİH başçısı Rəşad Tağıyev, Millət vəkili Kamran Bayramov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 50 metr uzunluğunda Şanlı Azərbaycan bayrağını rayon mərkəzindən Şəhidlər Xiyabanına gətirib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizin xatirəsinə ucaldılmış Abidə Kompleksinin önünə əklil qoyublar.
Anım tədbirində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq İkinci Qarabağ savaşının başlandığı günün - sentyabrın 27-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd olunması təsadüfi deyil. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu.
İcra başçısı bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə 44 günlük Vətən müharibəsində aparılan uğurlu “Dəmir Yumruq” əməliyyatı ordumuzun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı, hərbi şücaəti, xalqımızın arxa cəbhədəki fədakarlığı sayəsində mümkün oldu. 2023-cü ilin sentyabrın 19-da qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilərək, ərazilərimizdən çıxarılması məqsədilə ordumuz tərəfindən keçirilən lokal xarakterli antiterror tədbirləri çərçivəsində də şücaətli ordumuzun yüksək peşəkarlığı sayəsində qısa müddətdə düşmənin hərbi birləşmələri üzərində böyük qələbə qazanıldı.
İcra başçısı çıxışının sonunda vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatında əsas vəzifəni yerinə yetirən gənc nəsil arasında Şəmkir gəncləri də oldu: “Məhz həmin gənclərimiz, gənc hərbçilərimiz fədakarlıq və qəhrəmanlıqları ilə tarix yazıdılar”.
Millət vəkili Kamran Bayramov da çıxış edərək Azərbaycanın tarixi Zəfərinin əldə olunmasında xalqımızın həmrəyliyindən, əsgər və zabitlərimizin keçdiyi döyüş yollarından, göstərdikləri şücaətlərdən danışıb.
Şəhid ailələri isə çıxışlarında qəhrəman övladlarının döyüş yolundan danışıb, onlarla qürur duyduqlarını bildiriblər.
Daha sonra isə şəhid övladlarının, məktəblilərin təqdimatında şəhidlərin xatirəsinə həsr edilmiş əbədi-bədii kompozisiya təqdim olunub.
Eyni zamanda tədbir çərçivəsində dövlət qurumları, rayon sakinləri tərəfindən Şəmkir şəhərinin bəzi küçə və prospektlərində, eyvanlarda bayraqlar asılaraq həmrəylik nümayiş etdirilib.
Keçidlər