Şəmkirdə 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib, "Şəhidlər Memorial Abidə Kompleksi"nin açılışı olub
27 sentyabr 2022 | 16:38
Şəmkirdə 27 sentyabr - Anım Günü ilə bağlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib, Birinci və İkinci Qarabağ müharibəsində, Aprel döyüşlərində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq inşa edilmiş "Şəhidlər Memorial Abidə Kompleksi"nin açılış olub.
Tədbirdə Şəmkir RİH başçısı Rəşad Tağıyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 50 metr uzunluğunda Şanlı Azərbaycan bayrağını Bayraq Meydanından Şəhidlər Xiyabanına gətiriblər.
Daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizin xatirəsinə ucaldılmış "Şəhidlər Memorial Abidə Kompleksi"nin açılışı olub, RİH başçısı tərəfindən önünə əklil qoyulub.
Açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq İkinci Qarabağ savaşının başlandığı günün - sentyabrın 27-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd olunması təsadüfi deyil. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu.
İcra başçısı vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsində əsas vəzifəni yerinə yetirən gənc nəsil arasında Şəmkir gəncləri də oldu. 44 günlük müharibənin əsas qəhrəmanlarından olan məhz həmin gənclərimiz, gənc hərbçilərimiz fədakarlıq və qəhrəmanlıqları ilə tarix yazdılar.
Daha sonra şəhid övladlarının, məktəblilərin təqdimatında şəhidlərin xatirəsinə həsr edilmiş əbədi-bədii kompozisiya təqdim olunub.
Tədbirdə çıxış edən qəhrəman övladların məğrur anaları “Vətən Sağ Olsun!” deyərək canları, qanları ilə Zəfər Tariximizi yazan qəhrəmanlara, onların ailələrinə göstərilən diqqətə görə Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Eyni zamanda tədbir çərçivəsində şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükut elan olunub, ağacəkmə aksiyası keçirilib və sakinlər tərəfindən Şəmkir şəhərinin bəzi küçə və prospektlərində eyvanlardan, həyatyanı evlərin qapılarından bayraqlar asılaraq həmrəylik nümayiş etdirilib.