Şəmkirdə 25 aprel - Sahibkarlar Günü münasibətilə dəyirmi masa keçirilib.
24 aprel 2026 | 17:21
Aprelin 25-də Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş “Şəmkir iqtisadiyyatının inkişafında sahibkarlığın rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə RİH başçısı Rəşad Tağıyev, icra hakimiyyətinin əməkdaşları, aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Sahibkarları təbrik edən Şəmkir RİH başçısı Rəşad Tağıyev Azərbaycanda sahibkarlığın keçdiyi inkişaf yolu haqqında danışıb, özəl sektorun formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolunu, qlobal çağırışlar fonunda bu siyasətin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.
İcra başçısı bildirib ki, Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə yanaşı, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Rayon rəhbəri Şəmkirdən olan istehsalçıların və ixracatçıların rahatlığının təmin olunması üçün müxtəlif sahələrdəki çətinliklərin aradan qaldırılması, istehsal və ixrac prosesində kooperativ təsərrüfatçılığın həyata keçirilməsinin üstünlükləri, həmçinin yerli istehsala əsaslanan məhsulların ixrac potensialının gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb, sahibkarlarla qarşılıqlı müzakirələr aparıb.
Rəşad Tağıyev qeyd edib ki, dövlətimiz tərəfindən sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazası və dəstək alətləri müasir çağırışlar əsasında təkmilləşdirilir, sahibkar-dövlət münasibətləri inkişaf edir. Bu səbəbdən də ölkəmizdə, o cümlədən Şəmkir rayonunda biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşır.
İcra başçısı həmçinin görüşdə Şəmkir rayonunda 2025-ci ildə görülən işlər, cari ildə isə qarşıya qoyulan məqsədlərlə bağlı ətraflı məlumat verib.
Daha sonra yerli sahibkarlar öz istək və təkliflərini bildirib, görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, yaxın gələcəkdə nəzərdə tutulan layihələr müzakirə edilib.
Çıxışlar zamanı bildirilib ki, Ulu Öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərib və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirib.






