Şəmkirdə 2023 - cü ilin "Heydər Əliyevin İli" elan olunması ilə bağlı silsilə tədbirlər davam edir.
02 mart 2023 | 10:47
Şəmkirdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı silsilə tədbirlər çərçivəsində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) İxrac Neft və Qaz boru kəmərlərinin 5 saylı Şəmkir şöbəsi tərəfindən “Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” adlı tədbir keçirilib.
Əvvəlcə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallı, SOMDA-nın 5 saylı Şəmkir şöbəsininin rəisi Xanmurad Xıdırov və idarənin kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Daha sonra SOMDA-nın 5 saylı Şəmkir şöbəsininin kollektivi Şəmkir Heydər Əliyev Mərkəzini ziyarət edib.
Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallı bildirib ki, Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur: “Məhz Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir”.
Digər çıxış edənlər də qeyd ediblər ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Ümummilli Liderin qətiyyəti sayəsində ölkəmiz məhv olmaq təhlükəsindən xilas olub, Azərbaycanın gələcək inkişafının təməli qoyulub, müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin edilib.