Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “20 Yanvar – Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin başlanğıcı” mövzusunda tədbir keçirilib

19 yanvar 2026 | 18:29

Şəmkir şəhər Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbin akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsinə və xalqımızın qəhrəmanlıq salnaməsinə həsr olunmuş videoçarx təqdim edilib.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı bildirib ki, bu tarix xalqımızın qəhrəmanlıq salnaməsi və milli azadlıq hərəkatının dönüş nöqtəsidir.
S.Zeynallı qeyd edib ki, Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini daim uca tutur: “Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. 20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlığını, birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Silahsız insanlar tankların qarşısına sinə gərərək öz hüquqlarını, milli ləyaqətlərini qorudular. Bu, xalqın qorxmazlığının və azadlıq sevgisinin bariz nümunəsi idi. Şəhidlər öz canlarını fəda etməklə Azərbaycanın müstəqilliyə gedən yolunu işıqlandırdılar”.
İcra başçısının birinci müavini Ümummilli Lider Heydər Əliyevin xalqımızın başına gətirilən bu faciəyə ilk dəfə siyasi-hüquqi və tarixi qiymət verilməsindəki müstəsna rolunu xüsusi qeyd edib, bu siyasətin bu gün dövlət tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, artıq 20 Yanvar hadisələri tariximizdə yalnız faciə deyil, qəhrəmanlıq, milli ləyaqət və şərəf simvolu kimi yad edilir. 20 Yanvar şəhidləri Azərbaycan xalqının qürur mənbəyidir. Onların canı bahasına qazandığımız müstəqillik bu gün güclü, suveren və müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Azərbaycan artıq bütün dünyada qüdrətli, söz sahibi olan, öz milli maraqlarını qətiyyətlə müdafiə edən güclü bir dövlətdir.
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digər natiqlər də çıxışlarında şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər, eləcə də bu qanlı tarixin Azərbaycanın müstəqillik qazanmasındakı rolundan danışıblar.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək rəsmi açıqlama tələb etdi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Məhz Ümummilli lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi.
Tədbirin sonunda məktəblilər tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar və “Qanlı Yanvar” adlı sərgi nümayiş etdirilib.

Keçidlər