Şəmkirdə 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib
02 iyul 2024 | 15:10
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Şəmkir Rayon Polis Şöbəsinin rəisi Nəvai Qasımov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Polis Şöbəsinin əməkdaşları və veteran polislər əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan polisinin yaranmasının 106 illiyi münasibətilə keçirilən tədbirdə RİH başçısı Rəşad Tağıyev Daxili İşlər Nazirliyinin rəhbərliyi başda olmaqla bütün polis əməkdaşlarını təbrik edib, çətin və məsuliyyətli xidmət yolunda onlara uğurlar arzulayıb.
İcra başçısı bildirib ki, tarixə nəzər salsaq görərik ki, dövlətçiliyin əsas sütunlarından olan daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşması Ulu Öndərin adı ilə sıx bağlıdır: “Ümummilli liderin bu səhədə siyasətini uğurla davam və inkişaf etdirən Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbacan polisi mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizə aparır, ictimai-siyasi, həmçinin kriminogen durum tam nəzarətə saxlanılır. Azərbaycan polisi Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə ürəkdən inanırıq”.
Tədbirdə çıxış edənlər Azərbaycan Polisinin 106 illik fəaliyyəti barədə geniş məlumatlar verərək, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin vətəndaşların hüquq və azadlıqlarının qorunmasındakı əvəzsiz rolundan danışıblar.
Sonda 2024-cü ildə xidmətdə fərqlənən polis əməkdaşlarına icra başçısının Fəxri Fərmanları təqdim edilib, xatirə fotosu çəkilib.