Şəmkirdə 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin hörmətlə yad etdilər.
Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin akt zalında gənclərlə keçirilən görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına verdiyi töhfədən danışdı.
İcra başçısının birinci müavini bildirdi ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğısını heç vaxt əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
S.Zeynallı qeyd etdi ki, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir: “Ümummilli lider hər zaman vurğulayırdı ki, Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
Gəncləri 2 fevral Gənclər Günü münasibətilə təbrik edən S.Zeynallı çıxışının sonunda qeyd etdi ki, xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradır.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev isə çıxışında bildirdi ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdu. Ümummilli Lider xüsu vurğuladı ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.
Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan gəncliyinin yüksək vətənpərvərliyindən bəhs edib, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi Qarabağ Zəfərinin qazanılmasında, antiterror əməliyyatlarında, cəmiyyətin həyatının müxtəlif sahələrinin tərəqqisində gənclərin müstəsna rolundan danışdılar.
Tədbir çərçivəsində rayonun gənc müəllimləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim olundu, sonunda bir qrup gənc RİH başçısının Təşəkkürnamələri ilə təltif edildilər.
Sonda xatirə fotosu çəkildi.






