Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirildi

02 fevral 2025 | 10:18
Rayon gəncləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin hörmətlə yad etdilər.
Şəmkir Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən gənclərlə görüşdə RİH başçısı Rəşad Tağıyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına verdiyi töhfədən danışdı.
İcra başçısı bildirdi ki, Heydər Əliyev hər zaman bildirirdi ki, bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını heç vaxt əsirgəməyib.
Rəşad Tağıyev qeyd etdi ki, Heydər Əliyevin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənclərin fəaliyyətinə verdiyi yüksək qiymətdən də danışan icra başçısı bildirdi ki, Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Azərbaycan gəncliyinin yüksək vətənpərvərliyindən bəhs edən Rəşad Tağıyev Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi Qarabağ Zəfərinin qazanılmasında, antiterror əməliyyatlarında, cəmiyyətin həyatının müxtəlif sahələrinin tərəqqisində gənclərin müstəsna rolundan danışıb.
İcra başçısı vurğuladı ki, Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev də gənc nəslə dövlət qayğısından danışıb. Bildirdi ki, Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır. Çünki bu gün dövlətimiz tərəfindən yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbir həyata keçirilir.
Tədbirin sonunda Şəmkir rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc RİH başçısının Təşəkkürnamələri ilə təltif edildilər.
Sonda xatirə fotosu çəkildi.
Keçidlər