Şəmkirdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 iyun 2022 | 18:13
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının və təşkilat rəhbərlərinin, rayon ziyalılarının və gənclərin iştirak etdiyi tədbir iştirakçıları əvvəlcə Ümummilli liderin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyevin nailiyyətləri - Qurtuluşun rəmzləri” mövzusunda elmi-praktik konfransda çıxış edən RİH başçısı Rəşad Tağıyev bildirib ki, Azərbaycanın müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı olub. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Ümummilli Liderin qətiyyəti sayəsində ölkəmiz məhv olmaq təhlükəsindən xilas olub, Azərbaycanın gələcək inkişafının təməli qoyulub, müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin edilib.
YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışında Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini bildirib, Heydər Əliyev siyasətindən, onun xalqına, Vətəninə olan sevgisindən ətraflı danışıb.
Konfransda bildirilib ki, Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı.
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir çərçivəsində iştirakçılar elmi-praktik konfransdan sonra Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “Qayıdış” sənədli filmini izləyiblər.