Şəmkirdə 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayon prokuroru Azər Hətəmov, hərbi prokuror İlham Babayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri əvvəlcə Şəmkir şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, dövlətimizin tərəqqisi naminə onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İcra başçısı qeyd edib ki, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. Xalqımızın son illər ərzində qazandığı bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasətinin məntiqi nəticəsi, Heydər Əliyev siyasi kursunun təntənəsidir.
Rəşad Tağıyev prokurorluq işçilərinə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğıkeşliyini vurğulayaraq bildirib ki, Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına şərəflə xidmət edir.






