Şəmkirdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi
01 iyun 2026 | 12:00
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəmkir Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif sahələr üzrə yerli və beynəlxalq müsabiqələrdə uğur qazanan şagirdlər, azyaşlılar və onların valideynləri iştirak etdilər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edib, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən danışdı. Bildirdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uşaqların sağlam, təhlükəsiz və firavan mühitdə böyüməsi, keyfiyyətli təhsil alması, istedad və bacarıqlarının üzə çıxarılması daim diqqət mərkəzində saxlanılır.
İcra başçısı çıxışında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi istiqamətində həyata keçirdiyi mühüm təşəbbüsləri də xüsusi qeyd etdi. Bildirdi ki, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, təhsil və səhiyyə müəssisələrinin yenilənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsi, eləcə də uşaqların hərtərəfli inkişafına xidmət edən çoxsaylı layihələr uğurla həyata keçirilir. Bu fəaliyyət Azərbaycan uşaqlarının xoşbəxt gələcəyinin təmin olunmasına mühüm töhfə verir.
Rəşad Tağıyev qeyd etdi ki, dövlətimizin bu sahədə müəyyən etdiyi prioritetlərə uyğun olaraq Şəmkir rayonunda da uşaqların təlim-tərbiyəsi, təhsili, intellektual və mənəvi inkişafı, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Yeni Azərbaycan Partiyası Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev və Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşı Anar Məcidov çıxışlarında uşaqların milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması və layiqli vətəndaş kimi formalaşması üçün dövlət tərəfindən yaradılan geniş imkanlardan bəhs etdilər.
Tədbirin bədii hissəsində rayonun məktəbəqədər təhsil müəssisələrinin, ümumtəhsil məktəblərinin və uşaq yaradıcılıq mərkəzlərinin hazırladığı ədəbi-bədii və musiqili kompozisiyalar təqdim olundu. Həmçinin məktəblilərin və körpələr evi–uşaq bağçalarının balacalarının əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Tədbirin sonunda 2025–2026-cı tədris ilində təhsil, elm, idman və digər sahələrdə fərqlənən şagirdlər Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və Təşəkkürnamələri ilə təltif olundular.






