Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün bayram şənliyi təşkil edildi.

31 may 2025 | 10:35
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları üçün bayram şənliyi təşkil edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev əvvəlcə bütün şəhid övladlarını bayram münasibətilə təbrik edib, onlara xoşbəxt gələcək arzulayıb. Uşaqların Beynəlxalq Müdafiəsi Gününün şəhid əmanətləri ilə qeyd olunmasının şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramın kiçik bir təzahürü olduğunu bildirib.
İcra başçısı qeyd edib ki, Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevib, müstəqil Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olub: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çox uğurla davam etdirilir”.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov da çıxışında şəhid övladlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara cansağlığı, təhsillərində uğurlar arzulayıb, belə tədbirlərin uşaqların psixoloji inkişafına dəstək olacağını bildirib.
Şənlikdə şəhid övladları üçün maraqlı səhnəciklər, oyunlar, müsabiqələr təşkil olunub, şəhid övladları klounların, nağıl qəhrəmanlarının çıxışlarını maraqla izləyiblər.
Şəhid ailələri uşaqların könlünü oxşayan belə bir tədbirin təşkil olunduğuna görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid övladları ilə xatirə fotoları çəkilib.
Keçidlər